Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov görkəmli alim, mərhum professor Teymur Vəliyevin anadan olmasının 100 illiyi münasibətilə onun məzarını ziyarət edib.
Denmedia.az xəbər verir ki, ziyarət zamanı professor Teymur Vəliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxunub.
Alimin Azərbaycan elminə, xüsusilə də ali təhsilin inkişafına verdiyi töhfələr vurğulanıb, onun elmi və pedaqoji fəaliyyətinin bu gün də aktual və örnək olduğu qeyd edilib.
UNEC rektoru Ədalət Muradov çıxışı zamanı bildirib ki, professor Teymur Vəliyev universitetin elmi potensialının formalaşmasında mühüm rol oynayan ziyalılardan biri olub. Onun uzun illər ərzində apardığı elmi-tədqiqat işləri, yetişdirdiyi kadrlar və idarəçilik fəaliyyəti Azərbaycan ali təhsil tarixində silinməz iz qoyub.
Qeyd edək ki, Teymur Vəliyev UNEC-də elmi işlər üzrə prorektor vəzifəsində çalışıb, elmi fəaliyyətin təşkili, tədqiqat mühitinin gücləndirilməsi və gənc alimlərin formalaşması istiqamətində əhəmiyyətli işlər görüb. Onun təşəbbüsü və rəhbərliyi ilə universitetdə bir sıra elmi istiqamətlər inkişaf edib, fundamental və tətbiqi tədqiqatlara xüsusi önəm verilib.
Tədbir iştirakçıları professor Teymur Vəliyevin yalnız alim və rəhbər kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi yaddaşlarda yaşadığını vurğulayıblar. Bildirilib ki, onun elmi irsi və pedaqoji məktəbi bu gün də UNEC-də fəaliyyət göstərən alim və müəllimlər üçün dəyərli örnəkdir.
Sonda mərhum alimin xatirəsi bir daha ehtiramla yad edilib, onun adının Azərbaycan elmi və təhsil tarixində daim yaşayacağı qeyd olunub.
Nizami Rəsulov
Denmedia.az

