Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Təzəbinə kəndinə 9 ailə (51 nəfər), Seyidbəyli kəndinə isə 4 ailə (16 nəfər) köçürülüb.
Beləliklə, ümumilikdə 13 ailə, 67 nəfər doğma torpaqlarına qayıdıb.
Xocalı şəhərində ailələrə yeni evlərin açarları Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev tərəfindən təqdim olunub.

O, sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib və yeni evlərində xoşbəxt və firavan həyat arzulayıb. Həmçinin qeyd olunub ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və tikinti işləri davam edir.
Bildirilib ki, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub.

Qeyd edək ki, köç prosesi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış üzrə I Dövlət Proqramı” çərçivəsində mərhələli şəkildə davam etdirilir.

