Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.
Prosesin davamında dövlət ittihamçısı çıxış edib. O, 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

