Bakıda avqustun 7-dən etibarən Həsən Əliyev və Rövşən Əliyev küçələrinin bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, məhdudiyyət 7 avqust 2026-cı il saat 00:00-dan işlər başa çatanadək qüvvədə olacaq.
Hərəkət Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə küçəsi ilə Koroğlu Rəhimov küçəsi arasındakı hissəsində, həmçinin Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu küçəsi ilə Araz küçəsi arasındakı hissəsində məhdudlaşdırılacaq.
İşlər Həsən Əliyev küçəsini “Koroğlu” metro stansiyası ilə birləşdirəcək yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində aparılır.
Sürücülərdən əvvəlcədən alternativ marşrutlar seçmələri və müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.

