Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan vətəndaşlarını və təşkilatlarını hədəfə alan beynəlxalq kibercinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alındığını açıqlayıb.
DTX-nin Mətbuat xidmətinin məlumatına görə, son vaxtlar dövlət qulluqçuları, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarına qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən və xarici ölkə vətəndaşları tərəfindən idarə olunan mütəşəkkil qruplar Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə etməklə sosial şəbəkə və messencerlərdə saxta hesablar yaradırlar.
Kibercinayətkarlar xüsusi proqramlar vasitəsilə dövlət qurumlarının, müəssisə və təşkilatların rəsmi saytlarından əməkdaşların əlaqə məlumatlarını toplayırlar. Daha sonra WhatsApp vasitəsilə həmin şəxslərə rəhbərlərinin fotosundan istifadə edilərək yaradılmış saxta hesablardan təcili xarakterli mesajlar göndərilir.
Növbəti mərhələdə zərərçəkənlər guya hüquq-mühafizə orqanının əməkdaşına məxsus başqa saxta hesaba yönləndirilirlər. Burada onlardan xarici bank hesablarına pul köçürmək və ya müxtəlif göstərişləri yerinə yetirmək tələb oluna bilər.
DTX bildirib ki, əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət sxemlərinin bəzi iştirakçıları müəyyənləşdirilib və onlar barəsində beynəlxalq hüquqi prosedurlara başlanılıb.
Hazırda xarici ölkələrin aidiyyəti qurumları, beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birlikdə şəbəkənin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
DTX vətəndaşları sosial şəbəkə və messencerlərdən daxil olan şübhəli mesajlara qarşı diqqətli olmağa və belə hallarla üzləşdikdə dövlət qurumlarına məlumat verməyə çağırıb.

