Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənov barəsində çıxarılan hökmdən apellyasiya protesti verilməsi məsələsini həll edəcək.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaqın nəticələrinə əsasən Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə isə Rasim Həsənovun əməlləri Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilərək ona 7 min manat cərimə cəzası təyin olunub.
Onun həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cərimənin məbləği 5 min manata endirilib və Rasim Həsənov məhkəmə zalından azadlığa buraxılıb.
Baş Prokurorluqdan bildirilib ki, hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilməsi məsələsi həll olunacaq.

