Bu gün Azərbaycanda Laçın Şəhəri Günü qeyd olunur.
Laçın Şəhəri Günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.
Əlamətdar tarixin məhz avqustun 26-da qeyd olunması Azərbaycan Ordusunun 2022-ci ilin həmin günü Laçın şəhərinə yerləşməsi ilə bağlıdır.
2022-ci il avqustun 26-da Prezident İlham Əliyev sosial şəbəkə hesabında Azərbaycan xalqına Laçınla bağlı tarixi xəbəri çatdırıb:
“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Həmin gün Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun şəhərə yerləşməsi barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 30 il işğal altında qalan Azərbaycan əraziləri 44 günlük Vətən müharibəsinin nəticəsində azad edilib.
Daha sonra işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinə başlanılıb. Prezidentin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib.
Hazırda Laçına qayıdan keçmiş məcburi köçkünlərin sayı ildən-ilə artır, şəhərdə məskunlaşma və quruculuq işləri davam etdirilir.

