Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Proteinshop.az” idman qidaları mağazasında plandankənar yoxlama keçirib.
Yoxlama zamanı 20 adda 645 ədəd bioloji aktiv qida əlavəsinin (BAQM) ölkəyə qeyri-rəsmi yollarla və zəruri sənədlər olmadan gətirildiyi müəyyən edilib.
Məhsulların dövlət qeydiyyatından keçirilmədən və idxal olunan partiyalara dair sanitariya-gigiyena rəyləri olmadan satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda məhsulların etiketlərində Azərbaycan dilində məlumatların olmadığı müəyyən edilib.

Bundan əlavə, mağazada dövlət qeydiyyatından keçmiş dörd adda daha 29 ədəd BAQM aşkarlanıb. Lakin həmin məhsulların müvafiq partiyalarını təsdiqləyən sanitariya-gigiyena rəylərinin olmadığı bildirilib.
Məhsulların tərkibinin yoxlanılması məqsədilə nümunələr götürülərək laboratoriya müayinələrinə göndərilib.
Aşkarlanan pozuntularla bağlı inzibati protokol tərtib edilib. Qanunvericiliyin tələblərinə cavab verməyən bioloji aktiv qida əlavələrinin satışı dayandırılıb və məhsullar dövriyyədən çıxarılıb.

