Həftəsonu ilə əlaqədar yollarda nəqliyyatın intensivliyi artır. Eyni zamanda bəzi bölgələrdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağı tələb edir.
Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını hava və yol şəraitini düzgün qiymətləndirməyə, sürəti mövcud vəziyyətə uyğun seçməyə, ara məsafəsini artırmağa, kəskin manevrlərdən və qəfil tormozlamadan çəkinməyə çağırıb.
Qurumdan bildirilib ki, yağış zamanı yol örtüyü sürüşkən olur və görünüş məsafəsi azalır. Güclü külək zamanı isə avtomobilin idarəetmədən çıxması ehtimalı artdığından əlavə ehtiyatlılıq tələb olunur.
Yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinin, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin sazlığının yoxlanılması tövsiyə edilir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

