Azərbaycanda fəaliyyət göstərən bütün media subyektləri “Media haqqında” Qanunun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən edilmiş qaydada Media Reyestrində qeydiyyatdan keçməlidirlər.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.
Agentlik qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi informasiya resursları müxtəlif icmaların adından çıxış etməyə və özlərini milli azlıqların maraqlarını təmsil edən media qurumları kimi təqdim etməyə çalışırlar.
“Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisində müvafiq fəaliyyət göstərən bütün media subyektləri “Media haqqında” Qanunun tələblərinə riayət etməli və qanunvericiliklə müəyyən olunmuş qaydada Media Reyestrində qeydiyyatdan keçməlidirlər”, – MEDİA-nın açıqlamasında vurğulanıb.
Agentlik buna nümunə olaraq özünü Azərbaycan Yəhudi Media Mərkəzinin və yəhudi əsilli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış informasiya portalı kimi təqdim edən “Ajmedia.news” internet resursunu göstərib.
MEDİA-nın məlumatına görə, sözügedən resurs Media Reyestrində qeydiyyatdan keçməyib və dərc etdiyi materiallarda media etikasının tələblərinə əməl etmir.
“Bundan əlavə, “Media haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar məhkəmə qərarı ilə həmin resursun fəaliyyəti qanunsuz hesab edilib”, – Agentlik xatırladıb.
MEDİA həmçinin vurğulayıb ki, hər hansı icmanın və ya sosial qrupun adından çıxış edən media subyektləri hüquqi və peşəkar statusları, fəaliyyət istiqamətləri, eləcə də təmsilçiliklərinin xarakteri barədə ictimaiyyətə dürüst, obyektiv və şəffaf məlumat verməlidirlər.
Denmedia.az

