Tailandda sentyabrın 15-dən əcnəbilərin ölkədə qalması ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Krallıq ərazisində vizasız qalma müddəti 60 gündən 30 günə endiriləcək.
Bu barədə Tailand Daxili İşlər Nazirliyinin “Kral qəzeti”ndə dərc olunan bildirişlərində qeyd edilib.
Məlumata görə, 93 ölkə və ərazinin vətəndaşlarına turizm və qısamüddətli işgüzar səfərlər üçün 60 günlük vizasız rejim təqdim edən 15 iyul 2024-cü il tarixli əvvəlki qərar tamamilə ləğv edilir.
Yeni qaydaların 15 gündən sonra, yəni sentyabrın 15-də qüvvəyə minəcəyi vurğulanıb.
Tailand hakimiyyəti həmçinin yeni siyahı hazırlayıb. Siyahıya 60 ölkə və ərazi daxil edilib. Bu ölkələrin vətəndaşları turizm məqsədilə Tailand ərazisində viza rəsmiləşdirmədən 30 günədək qala biləcəklər.
İslahat Tailandda gəliş zamanı viza (visa on arrival) ala bilən səyahətçilərin sayını da kəskin şəkildə azaldacaq.
Yeni qaydalara əsasən, gəliş zamanı viza almaq hüququ olan ölkələrin siyahısı cəmi üç ölkə ilə məhdudlaşdırılır: Azərbaycan, Belarus və Serbiya.
Müqayisə üçün, hazırda qüvvədə olan sistem 31 ölkə və ərazinin vətəndaşlarına Tailandda gəliş zamanı viza almaq imkanı verir.

