Azərbaycanda Bakı–Tbilisi–Bakı qatarına saxta biletlərin satılması halları qeydə alınıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, son günlər vətəndaşlardan bu marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə səhifələri sərnişinlərə mövcud olmayan yerlərə biletlər təklif edirlər.
ADY məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda araşdırma aparılır, dələduzluqda iştirak edən şəxslər və sosial şəbəkə səhifələri müəyyənləşdirilir. Bundan sonra onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
ADY xüsusi olaraq vurğulayıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet satışı üçün kvota ayırmayıb.
Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” mobil tətbiqi və ya dəmiryol kassaları vasitəsilə almaq tövsiyə olunur.

