“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə biletlərin əvvəlcədən satış müddətini artırır.
Qurumun məlumatına görə, yeniliyin məqsədi sərnişinlərin rahatlığını artırmaq və artan tələbatı qarşılamaqdır.
Hazırda sərnişinlər biletləri 30 gün deyil, 44 gün əvvəl əldə edə bilirlər. Yaxın vaxtlarda bu müddət mərhələli şəkildə 90 günə çatdırılacaq.
ADY bildirir ki, bu dəyişiklik sərnişinlərə turistik, işgüzar və ailə səfərlərini daha əvvəlcədən planlaşdırmağa imkan verəcək. Eyni zamanda, şirkətə tələbatı daha dəqiq proqnozlaşdırmağa və zərurət yarandıqda əlavə vaqonlar qoşmağa şərait yaradacaq.
Bundan başqa, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin istifadəyə verilməsi istiqamətində işlərin davam etdiyini açıqlayıb. Bildirilib ki, bunun üçün texniki və təşkilati hazırlıq görülür, Gürcüstan tərəfi isə hazırlıq işlərini yekunlaşdırır.

