Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi başlanılan türkiyəli köşə yazarı Celal Çiftçi səsləndirdiyi fikirlərə görə üzr istəyib.
O, bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Qardaş Azərbaycanda açıqlamalarımın səbəb olduğu inciklik və kədərə görə təəssüflənirəm. İstifadə etdiyim ifadələrə görə Azərbaycan dövlətindən və xalqından səmimi şəkildə üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm”, – deyə Çiftçi bildirib.
Jurnalist açıqlamasında məqsədinin hicab məsələsinə münasibətini, eləcə də din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olduğunu qeyd edib.
O, fikirlərini çatdırarkən istifadə etdiyi ifadələrin mümkün nəticələrini daha diqqətlə qiymətləndirməli olduğunu etiraf edib.
“Azərbaycanın daxili işlərinə qarışmaq, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətim olmayıb. Dini nifrəti, düşmənçiliyi və ayrı-seçkiliyi təşviq etmək fikrini də qəbul etmirəm. Bu istiqamətdə irəli sürülən ittihamları rədd edirəm”, – deyə Çiftçi vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar, eləcə də dini nifrət və düşmənçiliyin salınması faktları ilə bağlı cinayət işi başlanıb.

