Azərbaycan Baş Prokurorluğu hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlarla bağlı cinayət işi başlayıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin sentyabrın 21-də vahid məktəbli forması ilə bağlı 309 nömrəli qərar qəbul etməsindən sonra sosial şəbəkələrdə radikal dini məzmunlu materiallar, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış paylaşımlar yayılmağa başlayıb.
İstintaqın məlumatına görə, bu cür paylaşımların yayılmasında iştirak edən şəxslər arasında Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin şərhçisi, 1975-ci il təvəllüdlü Cəlal Çiftçi də var.
Baş Prokurorluğun məlumatında qeyd olunub ki, həmin materiallarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini düşmənçiliyin qızışdırılmasına çağırışlar yer alıb.
Oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb.
Cəlal Çiftçi təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq axtarışa verilib.
Onun və digər şəxslərin barəsində istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin müvafiq qurumlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir.

