Azərbaycan Mətbuat Şurası tanınmış jurnalistlərin adından “WhatsApp”da saxta hesabların yaradılması və həmin hesablar vasitəsilə mesajların göndərilməsi halları ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta hesabların açılması və müxtəlif məzmunlu mesajların göndərilməsi ilə bağlı məlumatlar daxil olur.
Mətbuat Şurasının açıqlamasına görə, hüquq-mühafizə orqanlarının məlumatları bu fəaliyyətin ölkə xaricindəki mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirildiyini göstərir.
Həmin qruplaşmalar süni intellekt texnologiyaları və xüsusi proqramlardan istifadə edərək dövlət qulluqçularını, müəssisə və təşkilatların əməkdaşlarını, jurnalistləri və digər vətəndaşları hədəfə alırlar.
Şura belə halların narahatedici tendensiyaya çevrilə biləcəyini vurğulayaraq media nümayəndələrini diqqətli olmağa çağırıb.
“Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir”, – deyə açıqlamada bildirilib.
Qurum xüsusilə ictimai-siyasi məzmunlu məlumatların mənbəyinin yoxlanılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslərin nüfuzuna xələl gətirmək və ictimai rəyi çaşdırmaq məqsədi daşıya bilər.
Mətbuat Şurası belə hallarla qarşılaşan şəxslərə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Milli Kibertəhlükəsizlik Agentliyinin 1654 qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına müraciət etməyi tövsiyə edib.
Bundan əlavə, vətəndaşlara saxta hesabları “WhatsApp” platformasına şikayət etmək, şübhəli mesajların ekran görüntülərini və əlaqəli telefon nömrələrini sübut kimi saxlamaq məsləhət görülüb.
Şura saxta hesabların bloklanması üçün digər zərərçəkmiş şəxslərin də şikayət göndərməyə çağırılmasını tövsiyə edib. Açıqlamada ən azı 15 nəfərin şikayət etməsinin daha effektiv olduğu qeyd olunub.
Jurnalistlərin öz adlarından yaradılan saxta hesablar barədə şəxsi sosial şəbəkələrində məlumat yaymaları da tövsiyə edilib.
Mətbuat Şurası şübhəli mesaj alan şəxsləri məlumatın doğruluğunu əvvəlcədən məlum olan telefon nömrəsi və ya digər etibarlı əlaqə vasitəsilə yoxlamağa çağırıb.
Jurnalistlərin belə hallarla bağlı Mətbuat Şurasına müraciət edərək dəstək ala biləcəkləri də bildirilib.

