Bakıda 25 il əvvəl törədilən qadın qətlinin üstü açılıb. Cinayətdə şübhəli bilinən və əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş şəxs saxlanılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında bildirilib.
Məlumata görə, hadisə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda baş verib. Həmin vaxt 1961-ci il təvəllüdlü Həqiqət Məmmədova qətlə yetirilib.
İstintaq yenidən başladıldıqdan sonra prokurorluq və polis əməkdaşları tərəfindən əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Dindirmələr, eləcə də müasir ekspertiza nəticələrinin təhlili və müqayisəsi cinayətin təfərrüatlarının müəyyənləşdirilməsinə imkan verib.
Toplanan sübutlar əsasında 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Zeynalov cinayəti törətməkdə şübhəli bilinib.
O, oktyabrın 20-də saxlanılaraq istintaqa təhvil verilib.
Oktyabrın 22-də R.Zeynalova Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə ittiham elan edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

