“AzParking” mobil tətbiqində sürücülərin rahatlığını artırmaq və parklanma prosesini sadələşdirmək məqsədilə bir sıra yeniliklər edilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yeniliklər istifadəçilərin müraciət və təklifləri, eləcə də tətbiqdən gündəlik istifadə zamanı aparılan təhlillər əsasında hazırlanıb.
Artıq sürücülər parklanma sessiyasına başlamazdan əvvəl seçdikləri parklanma zonasını təsdiqləyə biləcəklər. Bu funksiya xüsusilə fərqli tarifli parklanma yerlərinin yaxın yerləşdiyi ərazilərdə səhvlərin qarşısını almağa kömək edəcək.
Bundan başqa, internet bağlantısı kəsildikdə tətbiq istifadəçini dərhal xəbərdar edəcək və əlaqəni yenidən yoxlamaq imkanı yaradacaq.
Yeni funksiyalardan biri də xidməti nəqliyyat vasitələri üçün ayrılmış parklanma yerləri barədə xəbərdarlıq sistemidir. Bu yenilik sürücülərin avtomobillərini yanlış yerlərdə saxlamasının qarşısını almağa yönəlib.
İstifadəçilər artıq aktiv parklanma müddətini tətbiqə daxil olmadan, birbaşa telefonun kilid ekranından izləyə biləcəklər.
Həmçinin parklanma zonalarının daha rahat tapılması üçün standart xəritə ilə peyk görüntüsü arasında keçid imkanı əlavə edilib.
AYNA-nın məlumatına görə, yeniliklər sürücülərin parklanma xidmətindən daha sürətli və rahat istifadəsini təmin edəcək.

