Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun illik toplantıları ilə əlaqədar paytaxtda bir sıra parklanma zonalarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər 15 iyun saat 20:00-dan qüvvəyə minəcək və 20 iyunadək davam edəcək.
Bu müddətdə Təbriz, İzzəddin Həsənoğlu, Füzuli, Zərifə Əliyeva, Rixard Zorge küçələrində, eləcə də Bülbül prospektində yerləşən bəzi parklanma yerlərinin bir hissəsi müvəqqəti olaraq istifadəyə bağlı olacaq.
Sürücülərə dəyişiklikləri əvvəlcədən nəzərə almaq, marşrutlarını və parklanma imkanlarını müvəqqəti məhdudiyyətlərə uyğun planlaşdırmaq tövsiyə olunur.
Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun illik toplantıları 16-19 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək.

