"Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Den.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Anket məlumatlarının elanı zamanı məlum olub ki, təsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.
Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edir. Jurnalistlər "Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və video yazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.
Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib.
Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb.
Bu vəsatət baxılmamış saxlanılıb.
İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb.
Nəcməddin Sadıkovun dindirilməsi istənildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.