ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanın Rusiya lideri Vladimir Putinə rəğbət bəslədiyini açıqlaması dünya mediasında müzakirə obyektinə çevrilib. Belə ki, Ağ Ev lideri “New York Post” qəzetinə verdiyi müsahibəsində xanımının onu Moskvaya qarşı daha sərt mövqe tutmağa inandırdığını bildirib. Bu isə ABŞ-da yeni bir səs-küyə səbəb olub. Bəzi mütəxəssislər Trampın şəxsi münasibətlərinin dövlət siyasətinə təsir edə biləcəyini düşünür. Həmçinin, bu məsələnin ölkənin daxili və xarici siyasətində gərginliklərə yol açacağı iddia edilir.
Melaniyanın Rusiya liderindən xoşlanması ABŞ-ı dövlət kimi xoşagəlməz duruma sala bilərmi? Bu, Trampın sirlərinin Kremlə ötürülməsinə, Vaşinqtonun atacağı addımların öncədən çatdırılmasına səbəb ola bilərmi? Praktik cəhətdən bu, mümkündürmü?
“Ər-arvad münasibətləri çərçivəsində şəxsi simpatiya ifadəsi, xüsusilə siyasi liderlər arasında formal və ya qeyri-rəsmi görüşlərdə jestlər, ümumiyyətlə diplomatik etiketin bir hissəsi kimi qəbul olunur. ABŞ kimi yüksək təhlükəsizlik standartlarına malik dövlət üçün informasiyanın ötürülməsi, yaxud sızması son dərəcə ciddi yanaşma tələb edir. Prezidentin ailə üzvləri də daxil olmaqla, yüksək vəzifəli şəxslərlə təmasda olan hər kəs təhlükəsizlik nəzarətindən keçir, xüsusi xidmət orqanları onların fəaliyyətlərini izləyir. Belə şəraitdə Melaniyanın şəxsi simpatiyası səbəbilə məxfi məlumatların Rusiyaya ötürülməsi və ya Trampın qərarlarının əvvəlcədən Moskvaya çatdırılması iddiaları fərziyyə xarakteri daşıyır”.
Züriyə Qarayeva
Politoloq qeyd edib ki, ABŞ-da siyasətin fərdiləşdirilməsi və emosional məqamların şişirdilməsi siyasi kampaniyalarda tez-tez rast gəlinən taktikalardan biridir:
“Trampın belə açıqlamaları daha çox daxili auditoriyaya və öz imicinə hesablanmış addımlar kimi qiymətləndirilə bilər. Bununla belə, bu cür bəyanatların beynəlxalq aləmdə yanlış anlaşılma və siyasi gərginlik yaratma ehtimalı da nəzərə alınmalıdır. Yekun olaraq, şəxsi simpatiyanın dövlət maraqları və təhlükəsizlik mexanizmləri üzərində ciddi təsir gücünə malik olduğunu demək mümkün deyil. Əsas məsələ hüquqi çərçivələrin, nəzarət mexanizmlərinin mövcudluğu və işləkliyidir”.