Vaşinqton administrasiyası Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması istiqamətində yeni təşəbbüslə çıxış edib. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, rəsmi Moskva ilə 10 gün ərzində razılıq əldə olunmazsa, Rusiya məhsullarına qarşı idxal rüsumlarının tətbiqi gündəmə gətiriləcək.
Tramp Rusiyanın müharibəni davam etdirməkdə israrlı olduğunu və bu səbəbdən təzyiq tədbirlərinin qaçılmaz göründüyünü vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, belə bir razılaşma və ya danışıqlar gündəmdə deyil. Analitiklərin fikrincə, ABŞ-ın bu addımının Rusiyaya necə təsir edəcəyi və real nəticə verib-verməyəcəyi hələlik sual altındadır.
“Kamboca və Tailand arasındakı toqquşmadan sonra hər iki tərəf Trampın təklif etdiyi atəşkəs danışıqlarına razı olduqlarını açıqlamışdı. Rusiyaya da 10 günlük möhlət verib. Əslində, bu addımlar siyasətdə o qədər də ciddi qəbul olunmur. Əvvəlcə 50 gün deyirdi, indi isə bu müddəti azaldıb. Sanki dünyadakı proseslər onun müəyyən etdiyi zamana uyğun hərəkət etməlidir.
ABŞ avqustun 1-dən tarif məsələsində qəti mövqe sərgiləməyə qərar verib. Hətta Avropa İttifaqı ilə yeni saziş imzalanıb. Tramp bu prosesi davam etdirərək Kremlə qarşı da sərt addımlar atmaq niyyətindədir. Bu fonda onun ciddi və məqsədyönlü lider obrazı daha da güclənir”.
Füzuli Qurbanov
Siyasi şərhçi bildirib ki, Rusiya-Ukrayna münaqişəsində Trampın səsləndirdiyi fikirlərin reallaşması ehtimalı çox zəifdir:
“Müharibə sözlər və vədlərlə başlamayıb ki, belə də bitsin. Tramp Rusiyaya bu kimi “zərbələr” endirməklə onu yumşaltmaq və ABŞ-ın irəli sürdüyü şərtlərlə razılaşdırmağa çalışır. Lakin bunun baş verəcəyinə, Moskvanın geri addım atacağına inanmıram”.