DenMedia.az xəbər verir ki, Telegram messencerinin yaradıcısı Pavel Durov 41 yaşını qeyd etdiyi gün qaranlıq proqnoz paylaşaraq bildirib ki, bu il bayram etməyə səbəb görmür.
Durovun fikrincə, onun nəsli azad interneti qorumaq üçün getdikcə daha az vaxta sahibdir.
“Bir vaxtlar biliklərin açıq şəkildə paylaşılması üçün yaradılmış onlayn məkan indi total nəzarət vasitəsinə çevrilir,” – deyə o vurğulayıb.
O xatırladıb ki, Böyük Britaniyada rəqəmsal şəxsiyyət vəsiqələri tətbiq edilir, Avstraliyada yaşın məcburi yoxlanması həyata keçirilir, Aİ-də şəxsi yazışmalar skan olunur, Almaniyada hakimiyyəti tənqid edənlər təqib edilir, Fransada isə məxfilik hüququnu müdafiə edən İT şirkətlərinə qarşı cinayət işləri açılır.
“Bizim nəsil tarixə azadlıqlara malik olan, amma onların əlindən alınmasına icazə verən son nəsil kimi düşə bilər,” – deyə Durov qeyd edib.
O əlavə edib ki, onun nəslini aldadaraq, onları ənənələrə və söz azadlığına qarşı çıxmağa inandırıblar.
“Bizim nəsil indi özünü məhv etmə yolunda passiv şəkildə irəliləyir,” – deyə Durov bildirib.