19 oktyabrda naməlum cinayətkarlar Parisdəki Luvr muzeyində cəsarətli qarət törədiblər.
Denmedia.az xəbər verir ki, The Guardian nəşri hadisənin dəqiq xronologiyasını müəyyənləşdirib. Qarət zamanı imperator Napoleon və həyat yoldaşı Jozefinaya məxsus səkkiz qiymətli eksponat oğurlanıb.
Cinayətkarlar dörd nəfər olublar. Onlar Sena sahilindən muzeyə yaxınlaşıblar və saat 09:30 radələrində (Bakı vaxtı ilə 10:30) avtonərdivan vasitəsilə ikinci mərtəbənin balkonuna qalxıblar. İki nəfər pəncərədən içəri girərək bolqar aləti və digər elektrik cihazlarından istifadə edib tarixi zinət əşyalarının saxlandığı Apollon Qalereyasına daxil olub. Qalan ikisi çöldə, skuterlərin üzərində gözləyiblər.
Oğruların əlinə keçənlər arasında:
-
Napoleon I-in ikinci həyat yoldaşı Mari-Luizaya bağışladığı boyunbağı və sırğalar,
-
Napoleon III-ün həyat yoldaşı imperatriça Evgeniyə məxsus 2 min brilyantlı diadema, broş və bəzək bantı,
-
Fransanın sonuncu kraliçası Mari-Ameliyanın safir qaşlı tiarası, boyunbağısı və sırğası.
Çıxarkən onlar Evgeniyanın tacını atıblar, amma muzeyin ən dəyərli daş-qaşlarından biri – 60 milyon dollar dəyərindəki “Rejent” brilyantı toxunulmaz qalıb.
Siqnalizasiya işə düşdükdən sonra cinayətkarlar skuterlərlə hadisə yerindən uzaqlaşıblar. Onlar muzeydə bir sıra alətləri atıblar; sonradan istintaq yorğan, qaz yandırıcısı, benzin qabları, əlcəklər və rabitə cihazları tapıb. Qaçmazdan əvvəl dəstə bir avtomobili yandırmağa cəhd edib, lakin muzey işçisi buna mane olub.
Qarətlə bağlı 60 nəfərlik istintaq qrupu yaradılıb. Versiyalardan biri — cinayətin arxasında təcrübəli və təşkilatlanmış bir qrupun dayanmasıdır.
Fransa daxili işlər naziri Loran Nünyes bildirib ki, muzeyi çox güman, “peşəkar komanda” qarət edib.