Aİ diplomatlarının fikrincə, Almaniya kansleri Fridrix Mersin Financial Times-da dərc olunan məqaləsi Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına kredit verilməsi məsələsində çətinliklər yaradıb.
DenMedia.az xəbər verir ki, bu barədə Euractiv nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Avropa İttifaqı Kiyevə kredit ayrılması ilə bağlı qərarın tezliklə qəbuluna nail olmağa çalışsa da, bu mümkün olmayıb. Diplomatlar hesab edirlər ki, əsas səbəb Mersin həmin mövzuda açıq şəkildə çıxış etməsidir.
“Mersin ötən ay Financial Times-da dərc olunan məqaləsində aktivlərdən istifadə ideyasını təklif etməsi, vəziyyətin lap əvvəlcədən gözlənilməz istiqamətdə inkişafına səbəb oldu,” – deyə diplomatların sözlərinə istinadla bildirilir.
Nəşrin mənbələrindən biri vurğulayıb ki, bu məsələ qapalı formatda müzakirə olunmalı idi, lakin Mers onu ictimaiyyət qarşısına çıxararaq diplomatik prosesi çətinləşdirib.
Xatırladaq ki, Mersin məqaləsi 25 sentyabrda Financial Times qəzetində dərc olunub.
Həmin yazıda Almaniya kansleri dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 140 milyard avroluq kredit mexanizminin hazırlanmasını təklif edib.
Mersin fikrincə, bu kredit yalnız Rusiya Ukraynaya müharibə zamanı vurduğu zərəri ödədikdən sonra bağlanmalıdır.
O həmçinin qeyd edib ki, həmin vaxta qədər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq.

