Amerikalı milyarder, SpaceX şirkətinin qurucusu İlon Mask bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası ona Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan astronavtları 2024-cü il prezident seçkilərinədək xilas etməyə icazə verməyib.
Bu barədə TASS, amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqanın podkastına istinadən xəbər verib.
Mənə dedilər ki, Ağ Evdən göstəriş gəlib — seçkilərədək xilasetmə cəhdi göstərmək lazım deyil, — deyə Mask bildirib.
Roqan ehtimal edib ki, keçmiş prezidentin administrasiyası bu əməliyyatı siyasi baxımdan uğursuz addım hesab etdiyinə görə dayandırıb.
Mask isə bunu belə izah edib:
Onlar açıq şəkildə "bu pis siyasi addımdır" demədilər, amma seçkilərədək xilasetmə əməliyyatları ilə maraqlanmadıqlarını aydın şəkildə bildirdilər.
Milyarderin sözlərinə görə, Bayden administrasiyasının bu qərarı onu təəccübləndirməyib, çünki o, indiki prezident Donald Trampın seçki kampaniyasına verdiyi dəstəyə görə həmin administrasiyanın gözündən düşmüşdü.

