ABŞ Suriyanın paytaxtı Dəməşqdə yerləşən hərbi hava bazasında öz mövcudluğunu artırmaq niyyətindədir. Bu barədə məlumatı Reuters agentliyi mənbələrinə istinadən yayıb.
“Reuters-in mənbələri bildirib ki, ABŞ Dəməşqdəki hərbi bazada mövqelərini gücləndirməyə hazırlaşır,” — deyilir xəbərdə.
5 noyabrda ABŞ BMT Təhlükəsizlik Şurasına Suriya prezidenti Əhməd əş-Şaraaya qarşı sanksiyaların ləğvini nəzərdə tutan qətnamə layihəsini təqdim edib. Planlaşdırılır ki, Şəraa 10 noyabr, bazar ertəsi günü ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşsün.
Hazırda sənədin səsverməyə nə vaxt çıxarılacağı məlum deyil. Qətnamənin qəbul olunması üçün ən azı doqquz “lehinə” səs və daimi üzvlərin – Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyanın – veto qoymaması tələb olunur.
Gözlənilir ki, Əhməd əş-Şaraa Vaşinqton səfəri zamanı Suriyanın ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyaya qoşulmasını nəzərdə tutan sənədləri imzalayacaq.

