The New York Times-ın regional rəsmilər və analitiklərə istinadən yazdığına görə, İsrail və İran arasında yeni hərbi toqquşma artıq vaxt məsələsidir.
“2015-ci ildə qəbul edilən və İranın uran zənginləşdirmə proqramını məhdudlaşdırmağa yönəlmiş saziş ötən ay qüvvədən düşüb. İrana qarşı sərt sanksiyalar bərpa olunub, nüvə proqramı üzrə danışıqlar isə dalana dirənib,” — deyə məqalədə bildirilir.
İsrail rəsmiləri hesab edir ki, iyunda məhv edildiyi güman edilən yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları əslində təhlükəsiz yerə köçürülüb. Bundan əlavə, Tehranın yeni zənginləşdirmə obyektində iş apardığından şübhələnirlər.
NYT-nin məlumatına görə, Fars körfəzi ölkələrində çoxları yeni hücumun artıq qaçılmaz olduğuna inanır, çünki İsrail uzun illərdir İranın nüvə proqramını mövcudluğuna təhdid kimi görür.
2 noyabrda İran prezidenti Məsud Pəzəşkian bəyan edib ki, Tehran ABŞ və İsrailin bombardmanına məruz qalmış nüvə obyektlərini bərpa edəcək.
Sentyabrda isə The Washington Post peyk şəkillərinə və analitiklərin qiymətləndirmələrinə istinadən yazmışdı ki, İran Nətənz yaxınlığında gizli yeraltı hərbi obyektin tikintisini sürətləndirib.

