Avropada yeni kəşfiyyat orqanının yaradılmasının əsas məqsədi Avropa kəşfiyyat sisteminin idarəolunmasını və səmərəliliyini artırmaqdır. Bu barədə TASS-a hərbi ekspert Aleksandr Stepanov bildirib.
“Avropa Komissiyası tərəfindən belə bir qurumun yaradılmasının əsas məqsədi idarəetmənin mərkəzləşdirilməsi və vahid kəşfiyyat alətinin formalaşdırılmasıdır,” — deyə ekspert vurğulayıb.
Stepanovun sözlərinə görə, yeni qurumun əsas istiqaməti Rusiyaya qarşı diversiya və təxribat fəaliyyəti olacaq.
11 noyabrda Financial Times yazmışdı ki, Avropa Komissiyası (AK) yeni Avropa İttifaqı kəşfiyyat orqanı yaratmağı planlaşdırır və bu quruma Ursula fon der Lyayen rəhbərlik edəcək.
Qəzetin mənbələrinin bildirdiyinə görə, AK “təhlükəsizlik və kəşfiyyat sahəsində öz imkanlarını gücləndirməyin yollarını araşdırır”.
Eyni zamanda Avropa İttifaqı Rusiya, Çin və digər ölkələrdən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün xüsusi mərkəz yaratmağı da planlaşdırır.
Təşəbbüsün müəllifi Ursula fon der Lyayendir. FT-nin istinad etdiyi sənədin 12 noyabrda dərc olunacağı gözlənilir. Həmin sənəddə qeyd olunur ki, Rusiya və Çinin Avropada təsirini artırmaq üçün həyata keçirdiyi “hibrid hücumlar” Avropa İttifaqı üçün əsas təhdid hesab olunur.

