Epşteyn işi ilə bağlı məktublarda qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn haqqında məlumatlar arasında onun müştəriləri sırasında Böyük Britaniyanın Kraliçası II Elizabetin də olduğu qeyd olunur. Bu barədə Daily Express nəşri Epşteyn işi üzrə dərc olunmuş elektron məktublara istinadən yazır.
Jurnalistlərin məlumatına görə, Epşteyn işi üzrə ABŞ Konqresi tərəfindən keçən həftə açıqlanan təqribən 23 min sənədin birində fizika üzrə Nobel mükafatı laureatı Mörrey Gel-Mann belə bir qeyd edir:
“Epşteynin müştəriləri arasında ‘İngiltərə kraliçası’ da ola bilərdi.”
Nəşrin dəqiqləşdirdiyinə görə, yayımlanan materiallarda Gel-Mannın ifadələri yer alır ki, Epşteyn guya II Elizabetə maliyyə xidmətləri göstərib. Qəzet diqqətə çatdırır ki, alim 1994-cü ildə çap olunan kitabında Epşteyndən aldığı maliyyə dəstəyini qeyd etmişdi. Bundan əlavə, o, 2003-cü ildə maliyyəçi üçün təbriklər toplusunun hazırlanmasında iştirak etmişdi və sənədlərə əsasən, 2011-ci ildə onun şəxsi adasında keçirilən tədbirdə də olub. Gel-Mannın adı həmçinin Epşteynə yaxın şəxslərin ünvan kitabçasında da yer alırdı.
Nəşr həmçinin diqqəti bu iddialara yönəldir ki, hazırkı Böyük Britaniya kralı III Karlın qardaşı — sonradan şahzadə titulundan məhrum edilmiş Endryu — 2000-ci ildə Vindzor qəsrində II Elizabetin ad günü tədbirinə Epşteyni və onun şəriki Gisleyn Maksvelli dəvət etmişdi:
“Epşteyn və Maksvell, Kraliça II Elizabetin ad günü tədbirinə dəvət edilmişdilər.”
Bukingem sarayı bu məlumatı şərh etməkdən imtina edib.

