Avropa İttifaqı Şurası qeyri-qanuni olaraq üzv ölkələrdə qalan şəxslərin geri qaytarılması prosedurlarını sürətləndirməyi və sadələşdirməyi nəzərdə tutan gələcək qanunla bağlı mövqeyini yekunlaşdırıb. Bu barədə qurumun saytında məlumat verilir.
Bəyanata görə, təsdiqlənmiş reqlament miqrantların geri qaytarılması üçün ümumavropa prosedurları müəyyən edir, ərazidə qalmaq hüququ olmayan şəxslərə öhdəliklər qoyur və üzv dövlətlər arasında əməkdaşlıq alətləri yaradır. Həmçinin, üzv ölkələrə üçüncü dövlətlərdə geri qaytarma mərkəzləri yaratmağa imkan verir.
AB-yə sədrlik edən Danimarkanın immiqrasiya və inteqrasiya naziri Rasmus Stoklund bildirib ki, geri qaytarılma haqqında göstəriş alan hər dörd qeyri-leqal miqrantdan üçü hələ də Aİ ərazisində qalmağa davam edir.
“Əminəm ki, yeni qaydalar bu göstəriciləri ciddi şəkildə yaxşılaşdıra bilər. İlk dəfə olaraq Avropa İttifaqında qeyri-qanuni qalan üçüncü ölkə vətəndaşlarına öhdəliklər tətbiq olunacaq. Bundan başqa, üzv dövlətlərin sərəncamında daha geniş alətlər olacaq,” — deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, əldə olunan razılaşma həm Avropa İttifaqına, həm də ayrı-ayrı üzv dövlətlərə üçüncü ölkələrlə geri qaytarma mərkəzlərinin yaradılması barədə sazişlər bağlamağa imkan verəcək.

