Avropa İttifaqı Şurası bazar ertəsi günü bəyan edib ki, İranın nüvə proqramı üzrə 2015-ci ildə qüvvəyə minmiş Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) sonra dayandırılmış bəzi məhdudlaşdırıcı tədbirlərin bərpası ilə bağlı razılıq əldə olunub.
“Bu qərar, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların ləğvini uzatmamaq qərarından sonra BMT sanksiyalarının bərpasından sonra qəbul edilib. Bu, “E3” qrupu – Böyük Britaniya, Almaniya və Fransa – tərəfindən JCPOA çərçivəsində nəzərdə tutulan sanksiyaların geri qaytarılması (snapback) mexanizminin işə salınmasından sonra baş verdi,” – deyə Aİ Şurasının yaydığı açıqlamada bildirilir.
Brüsseldə dəqiqləşdirilib ki, bərpa edilən tədbirlər həm BMT Təhlükəsizlik Şurası tərəfindən 2006-cı ildən qəbul olunmuş və Aİ qanunvericiliyinə avtomatik şəkildə keçirilmiş sanksiyaları, həm də Avropa İttifaqının müstəqil olaraq tətbiq etdiyi məhdudiyyətləri əhatə edir.
Bu tədbirlər fərdi şəxslərə Aİ ərazisinə səyahət qadağası, fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması, həmin şəxslərə hər hansı maliyyə və ya iqtisadi vəsaitin verilməsinə qadağa qoyulmasını əhatə edir. Bundan əlavə, bu sanksiyalar ticarət, maliyyə və nəqliyyat sahələrini də əhatə edir.