Ermənistan parlamenti məcburi hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə (18 ay) endirilməsini nəzərdə tutan qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Bu barədə “İnterfaks” məlumat yayıb.
Sənədin qəbulunu 65 deputat dəstəkləyib, 4 deputat əleyhinə səs verib, 20 deputat isə bitərəf qalıb.
Dəyişikliklər 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.
Qanuna edilən düzəlişə əsasən, məcburi xidmət müddətinin azaldılması müqaviləli hərbçilərin sayının artırılması hesabına həyata keçiriləcək.
Gözlənilir ki, düzəlişlərin qəbulundan sonra 2027-ci ilin ikinci yarısından etibarən məcburi hərbi xidmətin təşkili ilə bağlı xərclər də azalacaq. Bu, 2026-cı ilin yanvarında başlayan xidmətin 2027-ci ilin iyulunda başa çatması ilə əlaqədardır.
Qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrində xidmət müddətinin azaldılması məsələsi 2021-ci ildən müzakirə olunurdu. Hər bir Ermənistan vətəndaşı orduda bu və ya digər formada xidmət etməlidir. Çağırış yaşı 18–27 arasıdır, ehtiyatda qalma yaşı isə 35-ə qədərdir.

