İsrailin baş naziri Beniyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən İrana Tel-Əvivin ona hücum etməyi planlaşdırmadığı barədə mesaj ötürməsini xahiş edib. Bu barədə mənbələrə istinadən İsrailin dövlət teleradio şirkəti Kan məlumat yayıb.
Qeyd olunur ki, İran və İsrail arasında gərginliyin artdığı bir dövrdə İsrailin baş naziri ilə Rusiya lideri arasında bir neçə telefon danışığı baş tutub və həmin danışıqlar zamanı müvafiq mesaj qarşı tərəfə çatdırılıb.
Kan-ın izahına görə, Netanyahu Tehranın Tel-Əvivin mümkün hücumunun qarşısını almaq məqsədilə preventiv zərbə endirə biləcəyindən ehtiyat edir.
Bununla yanaşı, daha əvvəl The Washington Postun yazdığına görə, Netanyahu ABŞ prezidenti Donald Trampı İrana qarşı zərbələri yenidən endirməyə razı salmağa çalışır. Nəşrin mənbələrinə əsasən, İsrail tərəfi ya İran obyektlərinə zərbələr üçün razılıq əldə etmək, ya da amerikalıların münaqişəyə birbaşa müdaxiləsinə nail olmaq niyyətindədir.

