Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Böyük Britaniya və Danimarka liderləri ABŞ-ın Qrenlandiya ilə bağlı mümkün planları barədə birgə bəyanat yayıblar. Bu barədə Bloomberg məlumat verir.
Sənəddə vurğulanır ki, Arktika Avropa, beynəlxalq və transatlantik təhlükəsizliyin əsas elementidir. Eyni zamanda, regionun təhlükəsizliyinin NATO çərçivəsində ABŞ-la birgə, kollektiv müdafiə yolu ilə təmin olunmasının vacibliyi qeyd edilir.
“Arktikada təhlükəsizlik yalnız NATO müttəfiqlərinin, o cümlədən ABŞ-ın birgə səyləri ilə, BMT Nizamnaməsinin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsipləri əsasında təmin edilməlidir. Biz bu prinsipləri qorumaqdan vaz keçməyəcəyik”, – deyə bəyanatda bildirilir.
Aİ ölkələrinin liderləri xatırladıblar ki, Qrenlandiya Danimarka Krallığının tərkib hissəsidir və NATO-nun kollektiv müdafiəsi altındadır. Onlar ABŞ-ı regionun təhlükəsizliyinin təmin edilməsində “əsas tərəfdaş” kimi çıxış etməyə çağırıblar və 1951-ci il ABŞ–Danimarka müdafiə sazişinə istinad ediblər.

