Melaniya Tramp haqqında çəkilmiş film kinoteatrlarda nümayişə buraxılıb. Film Amazon MGM Studios şirkətinə ümumilikdə 75 milyon dollara başa gəlib. Bunun 40 milyon dolları film hüquqlarının alınmasına, 35 milyon dolları isə marketinq və distribusiyaya xərclənib.
Film Donald Trampın Ağ Evə qayıdışından əvvəlki və sonrakı 20 günü əhatə edir. Kinoteatr nümayişindən sonra ekran əsəri Amazon Prime Video platformasında eksklüziv olaraq yayımlanacaq.
Filmin premyerası Vaşinqtondakı Kennedi Mərkəzində keçirilib. Tədbirdə ABŞ prezidenti, hökumət üzvləri və mühafizəkar media nümayəndələri iştirak ediblər. Melaniya Tramp filmi “gözəl, emosional və kinomatoqrafik” adlandırıb.
Lakin filmin kommersiya uğuru ilə bağlı suallar yaranıb. Londonda keçirilən premyerada cəmi bir bilet satılıb, ABŞ-dan olan sosial şəbəkə istifadəçiləri isə boş kinoteatr zallarının fotolarını paylaşıblar. Analitiklər filmin ilk həftəsonu gəlirinin 1–5 milyon dollar arasında olacağını proqnozlaşdırırlar.
Boxoffice Company şirkətinin baş vitse-prezidenti Daniel Loria bildirib ki,
“Bu tip filmlər adətən geniş kinoteatr yayımı əldə etmir”.
Filmin siyasi konteksti Amazon-un Tramp administrasiyasına loyal olub-olmaması ilə bağlı müzakirələrə də səbəb olub. Şirkət isə qərarın yalnız kommersiya xarakteri daşıdığını bəyan edib.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə məsələ ilə bağlı bildirib:
“Amazon biznesdir və pul qazanmaq üçün bizneslə məşğuldur”.

