ABŞ Prezidenti Donald Trump Rusiyaya qarşı tətbiq olunan bir sıra sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyət rejimini daha bir il müddətinə uzadıb. Bu barədə ABŞ Federal Reyestrində yerləşdirilən sənəddə bildirilir.
Mən 13660 saylı sərəncamla tətbiq edilmiş milli fövqəladə vəziyyət rejimini daha bir il müddətinə uzadıram, – deyə Tramp sənəddə yazıb.
Söhbət 2014, 2018 və 2022-ci illərdə ABŞ prezidentlərinin sərəncamları ilə tətbiq olunan antirusiya sanksiyalarının qüvvədə saxlanılmasından gedir.
ABŞ-da Ukrayna hadisələri ilə əlaqədar fövqəladə vəziyyət rejimi ilk dəfə 2014-cü ildə tətbiq olunub. 6 mart 2014-cü ildə dərc edilən 13660 saylı sərəncamı imzalayan o zamankı prezident Barack Obama Ukraynadakı vəziyyətin inkişafında iştirak edən bir sıra şəxslərin əmlakının dondurulmasını nəzərdə tutmuşdu. İlkin mərhələdə bu addım Krımın Rusiyaya birləşdirilməsinə töhfə verən şəxslərə yönəlmişdi.
Sonrakı illərdə, Trampın ilk prezidentliyi dövründə və Joe Biden administrasiyası zamanı bu rejim çərçivəsində sanksiyaların siyahısı bir neçə dəfə genişləndirilib.

