Nikol Paşinyan vətəndaş nikahından olan yoldaşı Anna Akopyanın hökumətə məxsus bağ evlərini tərk etdiyini açıqlamasından sonra ondan üzr istəyib. Siyasətçinin müraciəti onun Telegram kanalında yayımlanıb.
Paşinyan yazıb:
“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində o, bütün çətin dövrlərdə yanımda olub, mənim sığınacağım və dayağım idi. Eyni dərəcədə qarşılıq verib-vermədiyimə əmin deyiləm. Ola bilsin ki, ona daha çox kədər yaşatmışam və buna görə üzr istəyirəm.”
Akopyan 17 fevralda baş nazirlə mülki nikah münasibətlərinin başa çatdığını elan edib. Ayrılığın səbəbləri açıqlanmayıb.
Paşinyan və Akopyan 1990-cı illərdən birlikdə idilər. Onlar Yerevan Dövlət Universitetində təhsil aldıqları dövrdə tanış olublar. Rəsmi nikah bağlamayıblar. Cütlüyün dörd övladı var.
Paşinyan əvvəllər rəsmi nikah bağlamamasını ailəsini “qorumaq istəyi” ilə izah edib. Onun sözlərinə görə, 90-cı illərdə müxalif fəaliyyəti səbəbindən həbs və əmlakın müsadirəsi riski vardı, buna görə də birgə alınmış mənzili Annanın adına rəsmiləşdirib ki, “uşaqların evi olsun”.
2018-ci ildə hakimiyyətə gəldikdən sonra Anna Akopyan ictimai fəaliyyətlə aktiv məşğul olub, xeyriyyə və sosial layihələr həyata keçirib, həmçinin baş naziri bir sıra rəsmi tədbirlərdə müşayiət edib.

