Yaxın Şərqdə gərginlik yenidən pik həddə çatıb. Gecə saatlarında İran tərəfindən həyata keçirilən raket hücumları fonunda İsrailin və region ölkələrinin hava hücumundan müdafiə sistemləri aktiv rejimdə işləyib.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bildirib ki, “hazırda İran istiqamətindən uçan ballistik raketlərin kütləvi hücumuna qarşı HHM sistemləri işləyir”.
Qətərin Müdafiə Nazirliyi isə açıqlayıb ki, iki ballistik raket uğurla zərərsizləşdirilib və ölkənin bir neçə bölgəsinə yönəlmiş hücumun qarşısı alınıb.
Küveyt hərbi qurumları da bəyan edib ki, hava məkanında raket və pilotsuz uçuş aparatlarının dalğası ilə mübarizə aparılır.
Bəhreyndə də hava həyəcan siqnalları səslənib. Daxili İşlər Nazirliyi vətəndaşlara sakit qalmağı və təhlükəsiz yerlərə sığınmağı tövsiyə edib.
Bu arada İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayaraq bildirib ki, ABŞ-ın Küveytdə yerləşən Ərifcan hərbi bazasına qarşı yeni PUA hücum dalğası həyata keçirilib.
“Dronlar hədəfləri uğurla vurub”, – deyə SEPAH bəyan edib.
Regionda vəziyyət son dərəcə gərgindir və qarşılıqlı zərbələr fonunda eskalasiyanın daha da artacağı istisna edilmir.

