Günəşdə ən yüksək gücə malik X1.4 sinifli partlayış qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının müvafiq elmi qurumları məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, bu hadisə fevralın 4-dən sonra Günəşdə baş verən ilk bu səviyyəli partlayışdır və sürətli plazma atılması ilə müşayiət olunub.
Qeyd olunur ki, plazma buludu Yerə birbaşa deyil, kənardan təsir edəcək, nəticədə orta güclü maqnit qasırğaları baş verə bilər. Bununla belə, təsirin gücü dəyişkəndir – bəzi hallarda plazma ümumiyyətlə Yerə çatmaya da bilər, digər ssenarilərdə isə G4 səviyyəsinə qədər güclü maqnit pozuntuları mümkündür.
Alimlər həmçinin parlaq qütb işıqlarının müşahidə oluna biləcəyini də istisna etmirlər.
Xatırladaq ki, Günəş partlayışları A, B, C, M və X siniflərinə bölünür, X sinfi isə ən güclü hesab olunur və ciddi geomaqnit fırtınalarına səbəb ola bilər. G4 səviyyəli hadisələr isə peyk rabitəsində və GPS sistemlərində nasazlıqlar, enerji şəbəkələrində yüklənmələr yarada bilər.

