Macarıstanda keçirilən parlament seçkilərində müxalif “Tisa” partiyasının lideri Peter Madyar qələbə qazandıqlarını açıqlayıb.
Bu barədə HVG məlumat yayıb.
Madyar Budapeştdəki Battyani meydanında tərəfdarları qarşısında çıxış edərək bildirib ki, partiyası səslərin üçdə ikisini toplayıb və bu, onlara ölkəni idarə etmək üçün güclü mandat verir.
Bu sadəcə çox deyil, bu çox böyükdür. Siz bizə bütün macarlar üçün işləyən bir ölkə qurmaq hüququ verdiniz, — deyə Madyar vurğulayıb.
O, ailəsinə, partiya üzvlərinə və kampaniyada iştirak edən minlərlə könüllüyə təşəkkür edib. Siyasətçi qeyd edib ki, qələbə güclü təzyiqlərə baxmayaraq əldə olunub və hakimiyyətin dövlət resurslarından istifadə etdiyini iddia edib.
Bu gün həqiqət yalan üzərində qalib gəldi, — deyə o əlavə edib.
Madyar seçkiləri son iki ilin “Davud və Qolyat savaşı” kimi qiymətləndirib və qələbənin bütün ölkəyə aid olduğunu bildirib. O, həmçinin Macarıstan prezidenti Tamaş Şuyok, Konstitusiya Məhkəməsinin rəhbəri və baş prokuroru istefaya çağırıb.
Qeyd edək ki, seçkilərdə əsas rəqib hakim “Fidesz” partiyası və onun lideri, baş nazir Viktor Orban idi. Orban artıq Peter Madyarı qələbə münasibətilə təbrik edib.

