Livanda bu gündən etibarən “Hizbullah” ilə İsrail arasında atəşkəs rejimi qüvvəyə minir. Bu barədə Al-Mayadeen telekanalı İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, atəşkəs bir həftə ərzində qorunacaq və bu, Tehranın təzyiqi nəticəsində mümkün olub. Eyni zamanda, gərginliyin daha da artmasının qarşısını almaq məsuliyyəti ABŞ-ın üzərinə qoyulub.
Vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra kəskinləşib. Hava zərbələri nəticəsində bir sıra obyektlər hədəfə alınıb. Buna cavab olaraq Tehran İsrail ərazisinə və regiondakı ABŞ bazalarına zərbələr endirib.
Daha sonra “Hizbullah” İranın tərəfində münaqişəyə qoşulub, bu isə İsrailin Cənubi Livana və Beyrut ətrafına zərbələr endirməsinə səbəb olub.
Aprelin 8-də tərəflər ABŞ-ın vasitəçiliyi ilə iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 14-də isə Vaşinqtonda Livan–İsrail təmaslarının ilkin mərhələsi keçirilib və burada tammiqyaslı sülh danışıqlarının başlanması müzakirə olunub.

