İranda hakimiyyət tədricən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərlərinin əlində cəmləşir. Bu barədə Reuters İran rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkədə artıq vahid və mübahisəsiz dini arbitrin mövcud olmadığı bildirilir.
“Müharibənin ilk günündə ayətullah Əli Xameneyinin aradan götürülməsi və onun yaralı oğlu Müctəbanın önə çıxması SEPAH komandirlərinin üstünlük təşkil etdiyi yeni nizamın formalaşmasına gətirib çıxardı”, — deyə məlumatda qeyd olunur.
Bildirilir ki, Müctəba Xameneyi formal olaraq sistemin başında qalsa da, onun rolu əsasən generallar tərəfindən qəbul edilən qərarları legitimləşdirməklə məhdudlaşır.
İran rəsmiləri və analitiklərin fikrincə, ölkədə hakimiyyət getdikcə Ali Milli Təhlükəsizlik Şurası, ali liderin aparatı və SEPAH üzvlərindən ibarət dar, mühafizəkar çevrədə cəmləşir. SEPAH isə artıq həm hərbi strategiyada, həm də əsas siyasi qərarların qəbulunda dominant mövqeyə malikdir.
Qeyd olunur ki, ABŞ ilə danışıqlarda İranı xarici işlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd Baqir Qalibaf təmsil edib. Lakin mənbələrin bildirdiyinə görə, əsas danışıqları aparan şəxs SEPAH komandanı Əhməd Vahidi olub və o, atəşkəsin elan olunduğu gecə keçirilən müzakirələrdə iştirak edib.

