Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərindəki hərbi bazada Ukrayna ilə bağlı “taleyüklü” sənədi imzalamağa yaxın olduğunu iddia edib.
Bu barədə Makronun sözlərini “RBC-Ukraina” Telegram kanalında yayıb.
Makronun sözlərinə görə, Tramp həmin vaxt Kiyevin məğlub olacağına inandığı üçün Rusiya Prezidenti Vladimir Putinə münaqişəni Moskvanın şərtləri ilə başa çatdırmağa imkan verə biləcək razılaşmaya hazır olub.
İddia olunur ki, Vaşinqtonun imzalamağa yaxın olduğu sənəd Rusiyanın hərbi əməliyyatlar zamanı nəzarətə götürdüyü Ukrayna ərazilərinin Moskvaya verilməsini nəzərdə tuturdu. Makron bildirib ki, razılaşmada hətta Rusiyanın həmin vaxt nəzarət etmədiyi bəzi ərazilərin də Moskvaya keçməsi məsələsi yer alıb.
“Tramp düşünürdü ki, Ukrayna məğlub olacaq. Prezident Zelenski ilə Oval kabinetdə hər şey pis getdi. Daha sonra Ankoricdə artıq masada demək olar ki, belə bir razılaşma var idi: hətta hələ ələ keçirilməmiş Ukrayna ərazilərinin də verilməsi nəzərdə tutulurdu”, - deyə Fransa lideri bildirib.
Makronun sözlərinə görə, hazırda Tramp Ukrayna ilə bağlı mövqeyini dəyişib. Onun fikrincə, ABŞ prezidentinin yanaşmasına Ukrayna ordusunun və cəmiyyətinin müqaviməti təsir edib.

