İsrail Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahunun iştirak etdiyi Makkabiya Oyunlarının Tel-Əvivdə keçirilən açılış mərasimində diqqətçəkən anlar yaşanıb.
İsrailin Ynet nəşrinin məlumatına görə, Sara Netanyahu mərasim zamanı həm ərinə, həm də baş nazirin müşavirlərinə qışqırıb.
Məlumata əsasən, Sara Netanyahu ərinə müraciətlə “Sənin üzündən burada insanlarla mübahisə etdim. Məni insanlarla mübahisə etməyə məcbur etdin” deyib.
Ynet yazır ki, Sara Netanyahu baş nazirin müşavirlərinə də narazılığını bildirib və “Mənimlə maraqlanmalısınız. Niyə keçməyimə icazə verilmir?” ifadələrini işlədib.
Hadisəyə şahidlik edən şəxslərin sözlərinə görə, Sara Netanyahu ona kifayət qədər müşayiət göstərilmədiyini və izdiham zamanı sıxlıq içində çətin vəziyyətə düşdüyünü iddia edib.
Nəşrin məlumatına görə, onun narazılığı çoxsaylı qonaqların qarşısında bir neçə dəqiqə davam edib. Sosial şəbəkələrdə yayılan görüntülərin isə hadisə qismən sakitləşdikdən sonra çəkildiyi bildirilir.

