Böyük Britaniya ABŞ-dan asılılığı azaltmağa yönəlmiş uzaqmənzilli raketlərin hazırlanması üzrə ümumavropa layihəsinə rəhbərlik edəcək.
Bu barədə The Daily Telegraph öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, layihədə Almaniya, Niderland, Fransa və Ukrayna iştirak edəcək.
Təşəbbüsün elanının iyulun 7-8-də Ankarada keçirilən NATO sammiti çərçivəsində veriləcəyi gözlənilir. Hazırlanacaq raketin texniki xüsusiyyətləri isə daha sonrakı mərhələdə müəyyən olunacaq.
Layihə ABŞ administrasiyasının Almaniyaya Tomahawk qanadlı raketləri tədarükü planından imtina edə biləcəyi ilə bağlı xəbərlərdən sonra aktuallaşıb. Vaşinqton hesab edir ki, bu silahların Berlinə verilməsi Moskva tərəfindən eskalasiya kimi qiymətləndirilə bilər.
Perspektivli Avropa raket silahının hazırlanmasında əsas rolu Böyük Britaniya və Almaniya oynayacaq. London və Berlin bu istiqamətdə birgə layihəyə hələ ötən il başlayıblar.
2025-ci ilin iyulunda Britaniya hökuməti iki ölkənin növbəti onillik ərzində uçuş məsafəsi 2 min kilometrdən çox olan yeni raketlər hazırlayacağını açıqlamışdı.

