Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşən ABŞ Prezidenti Donald Trampın CAATSA sanksiyalarının ləğvi və F-35 qırıcılarının Türkiyəyə verilməsi ilə bağlı müsbət mesajlar verməsi İsraildə narahatlıq yaradıb.
Türkiyə mediasının məlumatına görə, F-35-lərin Türkiyəyə satılması ehtimalının yenidən ciddi şəkildə gündəmə gəlməsindən sonra İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verərək Türkiyəni hədəfə alan iddialar səsləndirib və ABŞ-ı bu qərardan imtina etməyə çağırıb.
Netanyahu F-35-lərin Türkiyəyə verilməsinin bölgədə təhlükəsizliyi risk altına sala biləcəyini iddia edib. O, Türkiyənin “aqressiv niyyətləri” olduğunu irəli sürərək satışın baş tutmamalı olduğunu bildirib.
“F-35-lərin satılması Yaxın Şərqdə güc balansını pozacaq. Çünki məncə, Türkiyənin aqressiv niyyətləri var. Osmanlı imperiyasını yenidən canlandırmaq istədiklərini deyirlər. Mən olsaydım, satmazdım”, - deyə Netanyahu qeyd edib.
İsrailin Baş naziri açıqlamasında Qərb ölkələrinə və NATO üzvlərinə də müraciət edərək arqumentlərini Yunanıstan və Kipr üzərindən əsaslandırmağa çalışıb.
Netanyahu bildirib ki, Türkiyə NATO müttəfiqi olan Yunanıstanı təhdid edir, Kiprlə bağlı isə “digər NATO ölkəsinin ərazisinin yarısını işğal altında saxlayır” iddiasını səsləndirib.
O, həmçinin Türkiyənin İsrailə qarşı mövqeyini də tənqid edib:
“Ən əsası isə ölkəmi, yeganə yəhudi dövlətini məhv etməklə təhdid edir”, - deyə İsrailin Baş naziri bildirib.

