Fransa müstəntiqləri Telegram-ın həmtəsisçisi Pavel Durovu yenidən dindiriblər.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, dindirmə 6 saatdan çox davam edib. Bu, 2024-cü ildə Durova qarşı başlanmış istintaq çərçivəsində onun dördüncü dəfə ifadəyə çağırılması olub.
Hüquq müdafiəçiləri isə Fransa ədliyyəsinin hərəkətlərinə həm ölkə daxilində, həm də Avropa instansiyalarında etiraz edəcəklərini bildiriblər.
Qeyd edək ki, Pavel Durov 2024-cü il avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb. O, cinayətkar qrup tərkibində qanunsuz əməliyyatların aparılması məqsədilə onlayn platformanın idarə edilməsində iştirakda ittiham olunur.
Paris Prokurorluğunun məlumatına görə, bu ittiham üzrə 10 ilədək həbs cəzası və 500 min avro məbləğində cərimə nəzərdə tutula bilər.

