Suriya devrilmiş keçmiş prezident Bəşər Əsəd rejiminin sabiq məmurları tərəfindən qanunsuz şəkildə ölkədən çıxarıldığı bildirilən dövlət aktivlərinin geri qaytarılması istiqamətində hüquqi mexanizmlər hazırlayır.
Bu barədə Asharq News Suriya tərəfinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Hişam əl-Xətibə istinadən məlumat yayıb.
Əl-Xətib bildirib ki, Suriyanın iştirakı ilə Vyanada keçirilən beynəlxalq forum ölkədən çıxarılan vəsaitlərin geri qaytarılması ilə bağlı Suriyanın hüquqi iddiasının möhkəmləndirilməsinə, eləcə də bu prosesin başlanması üçün zəruri hüquqi prosedurların öyrənilməsinə imkan yaradıb.
Onun sözlərinə görə, Suriya nümayəndə heyəti oxşar vəziyyətlə daha əvvəl üzləşmiş ölkələrin təcrübəsini də araşdırıb.
Avstriyaya səfər çərçivəsində Suriya nümayəndələri Liviya, Əlcəzair və Malayziya nümayəndə heyətləri ilə görüşüb, həmçinin Fransa, Böyük Britaniya və İspaniya təmsilçiləri ilə aktivlərin geri qaytarılmasının hüquqi mexanizmlərini müzakirə ediblər.
Bildirilib ki, Suriya xalqına məxsus maliyyə aktivləri və əmlakın bir hissəsi hazırda məhz bu ölkələrdə yerləşir.
Əl-Xətib əlavə edib ki, Səudiyyə Ərəbistanı da Dəməşqə bu istiqamətdə zəruri mexanizmlərin hazırlanmasında mühüm dəstək göstərir.
Məsələ üzrə fəaliyyətin koordinasiyası üçün Mərkəzi Komissiyanın strukturunda aktivlərin geri qaytarılması üzrə xüsusi şöbə də yaradılıb.

