ABŞ Suriyanı terrora sponsorluq edən dövlətlər siyahısından çıxarıb, eyni zamanda “Heyət Təhrir əş-Şam”ın (HTŞ) “Xüsusi Təyinatlı Qlobal Terrorçu” statusunu ləğv edib.
ABŞ Maliyyə Nazirliyinin avqustun 24-də yaydığı rəsmi məlumata görə, Dövlət Departamenti Suriyanın terrora sponsor dövlət kimi təsnifatını ləğv edib və “Ən-Nüsrə Cəbhəsi” adı ilə də tanınan HTŞ-nin SDGT – “Specially Designated Global Terrorist” statusunu geri götürüb.
Qərar ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı sanksiyaların yumşaldılması istiqamətində atdığı addımların davamıdır. Vaşinqtonun məqsədi Suriyanın iqtisadi bərpası və beynəlxalq maliyyə sisteminə inteqrasiyasının qarşısındakı maneələri azaltmaqdır. ABŞ maliyyə naziri Scott Bessent bildirib ki, qərar ölkədə siyasi və iqtisadi sabitliyi gücləndirəcək investisiyaların qarşısını açmalıdır.
Suriya Prezidenti Əhməd əş-Şaraa ABŞ-nin qərarını alqışlayaraq Donald Trampa təşəkkür edib. Suriya rəsmiləri bu addımı ölkənin beynəlxalq sistemə qayıdışı baxımından mühüm mərhələ kimi qiymətləndiriblər.
Suriya 1979-cu ildən ABŞ-nin terrora sponsor dövlətlər siyahısında idi. Yeni qərarla həmin status aradan qaldırılıb. Bununla belə, ABŞ keçmiş Bəşər Əsəd rejiminin nümayəndələri, insan hüquqları pozuntularında iştirak edən şəxslər və digər destabilizasiya yaradan aktorlara qarşı ayrıca sanksiyaları qüvvədə saxlayır.
HTŞ əvvəllər “Ən-Nüsrə Cəbhəsi” kimi tanınıb və bir vaxtlar “Əl-Qaidə”nin Suriya qolu olub. Qrup 2016-cı ildə “Əl-Qaidə” ilə əlaqələrini kəsdiyini açıqlamışdı. HTŞ-yə daha sonra Suriyanın hazırkı prezidenti Əhməd əş-Şaraa rəhbərlik edib.
Suriyanın siyahıdan çıxarılmasından sonra ABŞ-nin terrora sponsor dövlətlər siyahısında İran, Kuba və Şimali Koreya qalır.

